M.F.Cəlilov1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakultəsini „İstilik energetikası“ mühəndisi ixtisası üzrə fərqlənmə diplomu ilə, 1979-cu ildə isə Azərbaycan Patent İnstitutunu bitirmişdir. O, az axıntılı və az reagent sərfli, iqtisadi cəhətdən səmərəli və ekoloji cəhətdən təmiz suhazırlama texnologiyalarının işlənilməsi, tədqiqi və tətbiqi sahəsində görkəmli alim - texnika elmləri doktoru, professor Feyziyev Həsən Qulu oğlunun yaratdığı böyük elmi məktəbin nümayəndəsidir. M.F.Cəlilov H.Q.Feyziyevin elmi rəhbərliyi ilə 1984-cü ildə Moskva şəhəri Energetika İnstitutunda „Suyun kimyəvi duzsuzlaşdırılmasının səmərəli üsullarının işlənilməsi və tədqiqi“ mövzusunda namizədlik, 1999-cu ildə isə Azərbaycan Energetika və Enerjilayihə İnstitutunda „İstilik elektrik stansiyalarında suyun kimyəvi duzsuzlaşdırılması texnologiyalarının işlənilməsi və tədqiqi“ mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
1985-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin İstilik texnikası və istilik təchizatı kafedrasının dosenti, 2000-ci ildən professoru olmuş, 2004-cü ildən Qaz təchizatı və mikroiqlimi təmin edən sistemlər kafedrasının, 2011-ci ildən 2013-cü ilin iyun ayına kimi isə bu iki kafedranın birləşdirilməsi nəticəsində yaradılan İstilik, qaz təchizatı və ventilyasiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.
M.F.Cəlilov 2013-cü ildə öz xahişi ilə vəzifəsindən azad olunmuş, hal-hazırda AQUAPRO MMC-nin direktoru vəzifəsində çalışır.
Onun iştirakı və həmmüəllifliyi ilə SSRİ Energetika Nazirliyi tərəfindən layihə institutlarında və energetika müəssisələrində su hazırlığı sahəsində istifadə edilmək üçün aşağıdakı “Texniki sənədlər...” hazırlanmış və təsdiq edilərək buraxılmışdır:
1Технические указания по схемам умягчения воды с утилизацией засоленных стоков водоподготовительной установки. Министерство Энергетики и Электрификации СССР, Главниипроект, ВНИПИ Энергопром, АзИСИ, 1983 г.
2Технические указания по проектированию обессоливающих установок с сокращенными расходами реагентов и сокращенными стоками. Главниипроект, ВНИПИ Энергопром, АзИСИ, Москва, 1985 г.
3Технические указания по проектированию обессоливающих установок с сокращенными расходами реагентов и сокращенными стоками. Москва, СПО Союзтехэнерго, 1987. 64 с.
4Методические указания по проектированию умягчительных установок с утилизацией засоленных стоков. Москва, Министерство Энергетики и Электрификации СССР, ГУКС АзИСИ, 1989 г. 53 с.
5Методические указания по проектированию ТЭС с максимально сокращенными стоками. ВТИ им. Ф.Э. Дзержинского, АзАСУ, Москва:1991,152 с.
M.F.Cəlilovun iştirakı ilə, SSRİ dönəmində və ondan sonra MDB-nin bir-çox şəhərlərindəki istilik-energetika müəssisələri üçün azaxıntılı və az reagent sərfli su hazırlama qurğularının texnoloji sxemləri işlənilmiş, qurulmuş və işə buraxılaraq istifadəyə veriimişdir. Bu qurğular hazırda Voljsk şəhəri 2 saylı istilik elektrik mərkəzində (İEM), Qorki Avtomobil zavodun İEM-də, Moskva şəh. 21 saylı İEM-də, Kazan şəhəri 1, 2 və 3 saylı İEM-lərdə, Minsk şəhəri 3 saylı İEM-də, Kstovo şəh. Novoqorkovsk İEM-ində, Başqırdstanın bir-neçə şəhərindəki İEM-lərdə və bir-çox digər şəhərlərdəki İEM-lərdə böyük ekoloji və iqtisadi səmərə ilə çalışmaqdadırlar.
M.F.Cəlilovun iştirakı ilə prof. Feyziyev tərəfindən təklif eilmiş dəniz suyunun termiki üsulla yeni, səmərəli duzsuzlaşdırma qurğusu “Şimal” DRES-də qurulmuş və istifadəyə verilmişdir. Bu qurğu kənardan heç bir reagent sərf etmədən dəniz suyunu duzsuzlaşdırmaq üçün nəzərdə tutulmuşdur.
M.F.Cəlilovun elmi məsləhəti ilə həmçinin, «Buxar» KM tərəfindən regenereativ enerjilərdən - günəşin, qruntun və havanın istiliyindən istifadə qurğuları qurulmuş və istifadəyə verilmişdir. Bunlara 3 ədəd 4 mərtəbəli 30-35 mənzilli evlərin isti su təchizatı və isidilməsi, həcmi 250-450 m3 olan çimərlik hovuzlarının suyunun qızdırılması və fərdi evlərdə isti su və çimərlik hovuzlarındakı suyun qızdırılması üçün günəş enerjisindən istifadə qurğularını misal göstərmək olar. Bundan əlavə, M.F.Cəlilovun iştirakı ilə Azərbaycanda birinci dəfə olaraq qurulmuş, qruntun və havanın aşağı potensiallı enerjisindən istilik nasoslarının köməyilə isitmə məqsədi üçün istifadə qurğularını və günəş enerjisini elektrik enerjisinə çevirən qurğuları da göstərmək olar.
M.F.Cəlilov bir-çox müəssisələr üçün içməli suyun yüksək keyfiyyətlə təmizlənməsini təmin edən qurğular, qazanları əlavə su ilə təmin etmək, isti suyun hazırlanması zamanı ərpin qarşısını alan qurğular təklif etmişdir. M.F.Cəlilov su emalı sahəsində müxtəlif elmi-texniki jurnallarda nəşr edilmiş 170 elmi məqalənin, 15 müəlliflik şəhadətnaməsi və patentin, ali məktəblər üçün nəzərdə tutulmuş 4 dərsliyin, suyun kimyəvi üsulla duzsuzlaşdırılmasına həsr edilmiş monoqrafiyanın və yuxarıda göstərilmiş 5 növ “Metodiki sənədlərin” müəllifi və ya həmmüəllifidir.